30.09.2016 / 14:32 xeber –
"Yaxşı, sakit uşaq idi, amma çox dərdli idi…"
Dünən axşam Yeni Yasamal, D.Bünyadzadə küçəsi 12, mənzil 178 ünvanında özünü asan 16 yaşlı Taleh məktəb dostlarının xatirəsində belə qalıb.
Taleh Valeh oğlu Atakişiyev Bakı şəhəri Yasamal rayonu, 53 saylı orta məktəbin XI sinif şagirdi olub. İntihar etməsəydi bu il məzun olacaqdı…
İntihar edən gəncin bu qısa həyatına sıxışdıra bildiyi problemləri ürək ağrısız dinləmək mümkün deyildi.
Lent.az-ın müxbiri Talehin müəllimləri ilə söhbətində bəzi məlumatları əldə edə bilib.
"Atası Valeh kişi 2 il əvvəl qida borusu xərçəngindən dünyasını dəyişib. Anası tatardır. Talehin valideynləri o uşaq olanda boşanıblar. Uşaq o vaxtdan atası ilə qalırmış. Atası iki il əvvəl dünyasını dəyişəndən sonra Bakıya, bibisi ilə yaşamağa gəlir.
Taleh atasını itirib, anasız da qalmasın deyə, bibisi tatar vətəndaşı olan anasını tapıb gətirir. Ancaq qadın içkiyə qurşandığı üçün Taleh onunla yaşaya bilmir və qadın yenə də çıxıb gedir, o gedən bu gedən… Hələ də oğlunun ölümündən xəbərsizdir".
Bunları Talehin 10 il 29 gün təhsil aldığı 53 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Münəvvər Yusubova danışır.
M.Yusubova həm də Talehin rəsmi-xətt müəllimi olub. Onun dediyinə görə, Taleh atası sağ ikən çox yaxşı bir uşaq idi. Həm mənəvi həm də maddi cəhətdən xoşbəxt görünürdü. Amma… Müəllimə səsi boğularaq bizə bunları danışır:
“Atası iki il əvvəl birdən-birə xəstə düşdü. Mənə zəng etdi ki, “bəs müəllimə Talehə icazə verin, qalsın evdə, iki gün boğazıma su töksün. Qida borusu xərçəngi idi. İki gün sonra Taleh yığdı ki, “Bəs atam rəhmətə getdi”.
Müəllimə deyir ki, atası Valeh kişi çox yaxşı adam olub, oğluna qarşı da çox məsuliyyətli idi:
“Mənə zəng edirdi ki, bəs Talehin gündəliyində “5” ( beş) qiymət görmüşəm. Bunu həqiqətən alıb ya özü yazıb? İşləyib oğlunun bütün ehtiyacını bacardığı qədər ödəyirdi. Əyni-başı çox səliqəli olardı, həm də toppuş uşaq idi. Ancaq…”.
2014 -ci ildə atasını itirdikdən sonra Talehin çətin günləri başlayır.
Getdikcə sıxıntıları artan Talehin bu il məktəbli forması almağa belə pulu olmayıb. Evə gedəndə yemək tapmadığından şikayət də edirmiş müəlliməyə.
Müəlliməsi deyir ki, bu il məktəbli forması ala bilməmişdi, köhnə bir köynək-şalvarı var idi, onunla dərsə gəlib-gedirdi: "Məktəbə daxil olanda sıradan çıxarmasınlar deyə saat 7-dən gəlib otururdu sinifdə. Baxan yox idi ona. Axır vaxtlar çox arıqlamışdı, hətta elə vəziyyət çatmışdı ki, iyindən sinfə girmək olmurdu. Çox sakit uşaq idi. Düzdür yaxşı oxumurdu, amma davamiyyəti yaxşı idi. Hər gün dərsə gələrdi. Bir mənfi cəhəti var idi ki, siqaret çəkirdi.
Heç kimlə problemini bölüşməsə də belə yaxın dostları onun dərdli olduğunu indi də deyib ağlayırlar…"
Onu da öyrəndik ki, 16 yaşlı yeniyetmə bu gün 2 ildir ayrı qaldığı atasının yanında, Kürdəmirdə dəfn olunacaq. Allah rəhmət eləsin!
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Lent.az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, Taleh Atakişiyev təlim – tərbiyə prosesində dərsə davamiyyəti ilə fərqlənən və orta qiymətlərlə oxuyan şagird olub.
Yasamal rayon prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb , istintaq aparılır: “Bütün məlumatlar Bakı şəhər Prokurorluğuna göndərilib.”.
mənbə :
lent.az