01.10.2016 / 13:03 xeber –
İnsanlara yaxşı əhval-ruhiyyə bəxş etmək onun həyat devizidir. Deyir ki, bir uşağın çöhrəsində təbəssüm gördükdə bütün yorğunluğunu unudur. Söhbət süjetimizin bugünkü qəhrəmanı, balacaların sevimlisi, kloun Sirakuzdan gedir. Çoxları onu belə tanıyır, belə qəbul edir və belə sevir.
Maraqlıdır, vaxtını uşaqları əyləndirmək, onları sevindirmək kimi xoş işlərə sərf edən həmsöhbətimin günü necə başlayır?
Özünü dinləyək: "Çalışıram insanların əhval-ruhiyyəsi yaxşı olsun. Hər gün gülər üzlə başlamaq çətindir. Bəzən bizim də hamı kimi əsəbi, küskün hallarımız olur. Amma çalışıram ki, öz problemlərimi unudum. Səmimi bir söz deyim sizə, bu gün ümumiyyətlə güldürmək çətindir. İndi uşaqları güldürmək, böyükləri güldürməkdən çətindir. İndi sosial şəbəkələr, internetdəki oyunlar, bundan başqa cizgi filmlərinin çoxluğu bəzən uşaqlarda aqressiya yaratdığından onu güldürmək çətin olur. İndiki uşaqlar keçmişdəki uşaqlar kimi deyil, sadəlövhcəsinə hər şeyə gülmürlər. Çox şey bilirlər, nə isə deyirsən ki, gülsünlər, bəzən bu onların çoxbilmişliklərindən, dəcəlliklərindən bu alınmır".
Kloun Sirakuz deyir ki, aktyor mütaliə etməli, öz üzərində çox çalışmalıdır: "Bu iş aktyorluq sənətinin ən çətin qollarından birdir. Mən on ildir ki, kloun kimi çalışıram. On ilimin uğurları da az deyil. Bu iş kənardan paltarını dəyişib mən hamını güldürə bilərəm deməklə başa gəlməz. Bacara bilməzlər belə düşünənlər. Bəzən elə hazırcavab insanla qarşılaşırsan ki, ona səliqə ilə, mübahisə etmədən cavab vermək lazım gəlir. Bu sənətdə qeyri-peşəkarlıq nümayiş etdirəndə, ifadələrini düzgün işlətməyəndə ailə münaqişəsi, qalmaqallar qaçılmaz olur. Şəxsən bizə müraciət edəndə məclislərdə deyirlər ki, böyüklərlə işiniz olmasın. Halbuki, mən böyüklərlə işləmirəm, amma kənardan baxanda bilmirlər ki, bu işin də peşəkarı və qeyri peşəkarları var".
İşindən zövq aldığını, hətta yorulsa belə bunu balaca tamaşaçılarına hiss etdirməyən müsahibim həftə içi iki-üç tədbirə dəvət alır: "Həftə içi bəzən işlərimiz daha çox olur, bəzən isə heç olmur. Mən həm də başqa işlərdə də çalışıram. Klounada aləminə gəlişim isə mənim hobbim olub. Əbilov adına Mədəniyyət Evində çalışırdım. Bu işin isə nə qədər çətin olduğunu bilmirdim. Aktyor kimi işləyirdim. Sonradan gördüm ki, maraqlı peşədir. Bilirsiniz, alqış almaq nə qədər çətin olsa da, bir o qədər də qürur duyulan bir peşədir. Bilirsiniz, ssenari ilə güldürməyə nə var ki? Biz axı ssenarisiz oynayırıq".
Aktyor ali təhsili olmalıdır, daim mütaliə etməlidir deyən müsahiblə söhbətimizi çay süfrəsi arxasında davam etdiririk. Obrazdan çıxan aktyor Sirac Ağayev əslən lənkəranlıdır, Bakıda yaşayır. 34 yaşı var, subaydır: "Xaraktercə öyrənməyi sevən insanam. Mən bu günə kimi tum çırtlamaq, saqqız çeynəmək kimi boş işlərə həvəs göstərməmişəm. Amma ustaların əlinə baxıb öyrənməyi, düzəltməyi çox sevirəm. Bu peşəyə də marağımdan gəlmişəm, amma indi nəzəriyyəsini bilirəm. Kloun obrazında özümə rəqib görmürəm. Söhbət aktyorluqdan getmir, tipajdan gedir".
Sirac Ağayev deyir ki, bu obrazda ən çətin iş gülmək istəmədiyin bir vaxtda kimisə güldürməkdir: "Bilirsiniz, əhvalsız olaraq obraza girmək necə zülmdür. Ağrın olur, səhhətin yaxşı olmur və yaxud bərk diş ağrın olur, amma yenə oynamaq məcburiyyətində olursan. Hərarətim yüksək olur, üşüyürsən, amma yenə güldürməlisən. Sifarişin var, getməlisən. Deyirsən, bəlkə başqası gəlsin, sifarişçi deyir ki, yox, uşaq səni istəyir. Beləcə, məcbur olub oynamışıq. Heç bir şey hiss etdirmədən".
Bax belə… Qəhrəmanım deyir ki, arzuları böyükdür. Konsert vermək, daha böyük səhnələri fəth etmək və s. Onunla söhbətimizi yekunlaşdırdıq, amma bir arzu ilə – kaş ki, uşaqdan böyüyə hamı ürəkdən gülməyi bacaraydı.
mənbə :
lent.az