05.10.2016 / 15:15 xeber –
“Lahıc qəsəbəsini və ətraf kəndləri basan həşəratlar əsasən yaz və payız aylarında çoxalırlar”. Bu barədə Lent.az-a İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov bildirib. Onun sözlərinə görə, bu, artıq ənənə halını alıb: “Demək olar ki, hər il payız və yaz aylarında rütubət çox olduğundan bu həşəratlar ortaya çıxır. Axşam saatlarında uçmağa başlayan həşəratlar səhər işığında yoxa çıxırlar. Heç bir ziyanı olmayan, təhlükəsiz həşəratlardır”.
X. Qəmbərov bildirib ki, həşəratlar gündüz saatlarında yoxa çıxdığı üçün mərkəzin əməkdaşları bu gün axşam saatlarında həmin ərazilərə gedəcəklər: “Həşəratlar yenə görünsə, təyinatı və həlli üçün işlər görüləcək”.
***
14:35
Artıq 3 gündür ki, hər axşam Lahıc qəsəbəsini mənşəyi bilinməyən həşəratlar basır.
Lent.az “qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə qəsəbə sakinləri sosial şəbəkədə foto və videolar paylaşıb. Onların sözlərinə görə, hazırda bütün qəsəbə və ətraf kəndlər bu vəziyyətdədir: “Adını da bilmədiyimiz bu həşəratlar axşam 5 radələrində uçuşmağa başlayır, səhərlər isə gözə dəymirlər. Fotolara baxan şəxslər çox təhlükəli olduğunu deyir. Bələdiyyəyə müraciət etmişik. Sədr deyir ki, 63 yaşım var, ancaq mən belə bir şey görməmişəm. Aidiyyatı orqanlar isə “bizlik deyil” deyir. Bizim də əlimizdən bir iş gəlmir, vəziyyət gün keçdicə daha da qəlizləşir”.
Qəsəbə sakinləri onu da qeyd edib ki, həşəratlara qarşı müxtəlif dərman vasitələrindən istifadə edilsə də, bir nəticəsi olmayıb.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya isə bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi artıq bu barədə məlumat əldə edib və hazırda araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı sabah gün ərzində mətbuata açıqlama veriləcək.
mənbə :
lent.az