20.10.2016 / 15:25 xeber –
Novxanı qəsəbəsində pul üstündə qohumlarını qətlə yetirməkdə təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında V. Yusifovun və Z. Yusifovun hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə 2014-cü ilin iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Məmmədov və Yusifovlar (onlar qohumdur) arasında borc üstündə düşən dava qətllə nəticələnib. Belə ki, qəsəbə sakini 25 yaşlı Vüqar İsmayıl oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vüqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər. Abşeron Rayon Polis Şöbəsində istintaq aparılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.
mənbə :
lent.az